Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötüb

İndiyə qədər COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 8,41 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faiz təşkil edir.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Son sutka ərzində dünyada koronavirus infeksiyasından ölənlərin sayı 4547 nəfər artıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyinə 176 min 568 nəfər yoluxub. İyunun 26-də isə koronavirusa yoluxanların sayı 194 min 190 nəfər, ölənlərin sayı 4893 nəfər olub.

Son məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 10 milyon 86 min 690 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 501 min 392 nəfərə çatıb. Eyni zamanda, 5 milyon 464 min 241 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 4 milyon 121 min 57 xəstədən 57 min 824-nün vəziyyəti ağır qiymətləndirilir.

İndiyə qədər COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 8,41 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faiz təşkil edir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyon 596 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 315 min 941), Rusiya (627 min 646), Hindistan (529 min 557), Böyük Britaniya (310 min 250) və İspaniya (295 min 549) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 128 min 152 nəfər. İlk beşliyə daxil olan Braziliyada 57 min 103, Birləşmiş Krallıqda 43 min 514, İtaliyada 34 min 716, Fransada isə 29 min 778 nəfər koronavirus səbəbindən həyatını itirib.