BAKI, 28 iyun — Sputnik. Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində "Deksametazon" preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi "Deksametazon" preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.
Nümayəndəliyin açıqlamasında qeyd olunur ki, "Deksametazon" COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələrə tətbiq edilməməlidir. Bu preparatı yalnız COVİD-19-a yoluxmuş ağır xəstələr üçün istifadə etmək lazımdır.
"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində "Deksametazon" preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. "Deksametazon" COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda bildirilib.
Daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Deksametazon"dan xəstəliyin kritik vəziyyətində istifadə edilməsinin zəruri olduğunu qeyd edib.