"Koronavirusun ikinci dalğası bir sıra sahələrə sarsıdıcı zərbə vuracaq"

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru: "Qarşıdakı 6 ayda iqtisadiyyatda 3 kritik qeyri-müəyyənlik olacaq"
Sputnik

BAKI, 27 iyun — Sputnik. Koronavirusun ikinci dalğası enerji və digər sahələrdə bəzi oyunçular üçün sarsıdıcı zərbə olacaq.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, aprel ayı dünya neft sənayesi üçün "qara aprel" olub:

"Qiymətlər mənfiyə düşüb, hazırda isə neft bazarında gözləntilərə uyğun bərpa prosesi davam edir. Bərpa prosesinə səbəb "OPEC+" ölkələrinin neft istehsalını ciddi şəkildə azaltmalarıdır. OPEC-ə üzv olmayan ABŞ-da da neft hasilatı azalır, həmçinin insanlar yavaş-yavaş sosial təcriddən çıxır və bu, tələbatın artmasına səbəb olurlar. Buna görə də hazırda neft bazarında canlanma müşahidə edilir".

F.Birol bildirib ki, neft qiymətlərinin uzun müddət 5-10 dollar səviyyəsində qalması qlobal enerji sektoruna ciddi təsir edib: "Neft sektoruna qoyulan investisiyalarda da ciddi azalmalar olub. Ciddi ixtisarlar olub, minlərlə insan işsiz qalıb. İraq, Əlcəzair, Venesuela və İran kimi iqtisadiyyatı "kövrək" ölkələrin artım tempi aşağı düşüb".

"Qarşıdakı 6 ayda iqtisadiyyatda 3 kritik qeyri-müəyyənlik olacaq. Birincisi, koronavirusun ikinci dalğası olacaqmı? İkincisi, bərpa prosesi necə davam edəcək? Üçüncüsü isə noyabrda ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi necə olacaq? Bütün bu prosesləri izləmək lazımdır", - deyə o əlavə edib.