Çində evlənmək istəyənlər üçün yeni sistem - Tərəflərin keçmişini görəcəklər

Yeni sistemlə evlənmək istəyən tərəflərin öz ailə üzvlərinə qarşı zorakılıq törədib-törətmədiyi, verilən cəzalar görülə biləcək
Sputnik

BAKI, 27 iyun — Sputnik. Çində evlənmək istəyənlər qarşı tərəfin keçmişdə məişət zorakılığı törədib-törətmədiyini görə biləcəklər.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Çinin şərqindəki Yivu şəhərində evlənmək istəyənlər üçün yeni sorğu sistemi istifadəyə veriləcək.

Həmin sistemlə tərəflərin öz ailə üzvlərinə qarşı zorakılıq törədib-törətmədiyi, verilən cəzalar görülə biləcək. Məsələn, qadın evlənmək istədiyi kişinin öz ailə üzvlərinə qarşı zorakılıq törədib-törətmədiyini bu sistemdə görə biləcək. Bu sistem təhlükəsizlik və məhkəmə orqanlarının məlumatları əsasında qurulacaq və yenilənəcək.

Bir nəfərin ildə cəmi 2 dəfə sorğu göndərməsinə icazə verən bu sistem iyulun 1-dən etibarən Yivu şəhərində tətbiq ediləcək. Bu sistem 2017-ci ildən bəri qeydə alınan məlumatları göstərəcək.

Çox vaxt insanlar evləndikdən sonra məişət zorakılığına məruz qalırlar. Bu sistemlə evlənmək istəyənlər gələcək həyat yoldaşlarının keçmişini (məişət zorakılığı törətdiyini) görə biləcəklər. Onun vasitəsilə məişət zorakılığının azalacağı gözlənilir.