BAKI, 27 iyun — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış keçirilən zaman 1131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kiloqram marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq və həm də ki, şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.