CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sorğuların vaxtında cavablandırılmamasına görə cərimə tətbiq ediləcək

Telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə görə vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər
Sputnik

BAKI, 25 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətə cavablandırılmamasına görə cəzalar müəyyənləşdirilir.

İcra məmurlarının maddi təminatı gücləndirilir

Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilir.

Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə olunacaqlar.

Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə olunacaqlar.

Qeyd edək ki, "Telekommunikasiya haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab verilməli və tələb olunan məlumatlar təqdim edilməlidir.

Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.