Nikita Xruşşovun oğlu ABŞ-da intihar etdi

Sergey Xruşşov həm Rusiya, həm də ABŞ vətəndaşı olub. 1991-ci ildə tanınmış alim və publisist Braun Universitetinə soyuq müharibə tarixinə dair mühazirələr oxumaq üçün dəvət edilib və ABŞ-da yaşamağa üstünlük verib.
Sputnik

BAKI, 25 iyun — Sputnik. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov intihar edib. Sputnik Azərbaycan xəbər verir ki, SSRİ-nin sabiq dövlət başçısının oğlunun ölümünün təfərrüatları barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, onun başında güllə yarası olan meyiti tapılıb. Polisin məlumatına görə, meyitin üzərində digər zorakılıq əlamətləri aşkarlanmayıb.

Kiçik Xruşşovun ölümü iyunun 18-dən məlum olsa da, onun intihar etdiyi dəqiq bilinmirdi.

Sergey Xruşşov həm Rusiya, həm də ABŞ vətəndaşı olub. 1991-ci ildə tanınmış alim və publisist Braun Universitetinə soyuq müharibə tarixinə dair mühazirələr oxumaq üçün dəvət edilib. Sonradan ABŞ-da qalıb və yaşayıb.

SSRİ-də kiçik Xruşşov qanadlı və ballistik raket layihələrinin hazırlanması ilə məşğul olub, kosmik gəmilərin yerə enmə sistemlərinin yaradılmasında iştirak edib.