SƏHİYYƏ

Evdə müalicə alan xəstələrə sahə həkimləri nəzarət edəcəklər

"Hər bir insanın qarşısına polis əməkdaşı qoymaq mümkün deyil. Ona görə də insanlar özləri də məsuliyyətli olmalıdırlar".
Sputnik

BAKI, 25 iyun — Sputnik. Evdə sosial təcrid olunan COVİD-19 xəstələrinə sahə həkimləri nəzarət edəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, COVID -19-la mübarizəni təkmilləşdirmək üçün ambulator yardım Səhiyyə Nazirliyinə həvalə olunub:

"Yəqin ki, bu barədə artıq cəmiyyət məlumatlıdır. Bu bizim yükümüzün azaldılması üçün verilmiş bir qərardır.  Xəstələrə nəzarəti sahə həkimləri edəcəklər. Bəlli saatlarda həkimlər telefon vasitəsilə xəstələri nəzarətdə saxlayacaqlar".

O ki qaldı evdə müalicə alınan xəstələrin evdən çıxmasına nəzarətin hansı formada ediləcəyinə, Y. Qarayeva bildirib ki, onların evdən çıxmaq üçün sms icazə alması mümkün deyil: "Hazırda xəstəlik ailə üzvlərindən bir-birinə, yaxud işdə əməkdaşlar arasında yoluxmaqla daha çox artır. Hər bir insanın qarşısına polis əməkdaşı qoymaq mümkün deyil. Ona görə də insanlar özləri də məsuliyyətli olmalıdırlar".