BAKI, 25 iyun — Sputnik. ABŞ-ın Linkoln dairəsində (Orqeon ştatında) yaşayan qaradərili amerikalılara "təqib edilməkdən qorxduqları üçün" qoruyucu maska taxmamaq icazəsi veriləcək. Bu barədə Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir.
Qeyd edək ki, Linkoln dairəsində əhalinin əksəriyyətindən COVID-19 pandemiyası ilə bağlı ictimai yerlərdə, qapalı məkanlarda və ya küçədə maska taxmaq tələb olunur. Lakin afro və latın amerikalılar bu göstərişlərə görə özlərini rahat hiss etmirdilər. ABŞ-dan olan müxtəlif aktivistlər "CNN"-ə bildiriblər ki, maskalara görə onları cinayətkar kimi qəbul edirdilər. Hüquq müdafiəçilərinin fikrincə, bu, irqçi baxışlarla bağlıdır, çünki dairənin əhalisinin 90%-i ağdərilidir.
İrqi azlıqların nümayəndələrindən başqa, əlillər, nəfəs almalarında problem olan xəstələr, 12 yaşına qədər uşaqlara da maska taxmamaq icazəsi verilib. Qeyd olunur ki, dairə rəhbərliyi 2-12 yaşlı uşaqlara maska taxmağı tövsiyə edir.
Telekanal vurğulayır ki, COVID-19 pnevmoniyasının səbəb olduğu ölüm halları qaradərili əhali arasında daha yüksəkdir. Son məlumatlara görə, bu hallar ABŞ-ın digər sakinləri ilə müqayisədə 2, 3 dəfə çoxdur.