İQTİSADİYYAT

Dövlətin sandığı dardır, vətəndaşın cibi: Yardım çatmır, qaldırmaq da mümkün deyil

Ekspert: "Əgər yenidən sərt karantin tədbirləri ilə bağlı qərarlar qəbul edilərsə, ictimai tələb nəzərə alınmaqla birdəfəlik ödəmə proqramının müddəti uzadıla bilər".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. 

Onlara 190 manat verilməyəcək - Səbəb
Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Qeyd edək ki, işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub.

Bəs, 190 manat birdəfəlik yardım kifayət edirmi və bu məbləğin daha da artırılması mümkündürmü? Bu yardımın verilməsi nə vaxtadək davam edə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manatdır: "Bu baxımdan 1 aylıq müddətdə 190 manat bir nəfər üçün normal hesab edilə bilər. Amma ailə üzvlərinin sayı çoxdursa və yalnız bir nəfərə 190 manat verilirsə, bu, kifayət qədər aşağı göstəricidir. Amma mümkündür ki, bir ailədə 2-3 nəfər bu yardımı alsın. Ailədə ər və ya arvadın yalnız birinə bu yardım verilir. Lakin ailədə (ər və ya arvaddan başqa) əmək qabiliyyətli işsiz olan şəxs varsa, sosial ödəniş almırsa, ona da ayrıca yardım verilə bilir. Təbii ki, burada məhdud maliyyə imkanları var və minimum şərtlər daxilində bu yardımın edilməsi planlaşdırılıb".

"Proqram ilk dəfə təsdiq ediləndə cəmi 200 min nəfərə ödənişin edilməsi və bu məqsədlə 70 milyon manat pulun ayrılması nəzərdə tutulmuşdu. Daha sonra tələbin çox olması səbəbindən bu ödənişin verilməsi genişləndirildi və 600 min nəfəri əhatə etdi" – deyə o qeyd edib.

O bildirib ki, 190 manatlıq birdəfəlik ödənişin daha da artırılması gözlənilmir: "Mümkün qədər bu hüquqdan yararlananların sayının daha aşağı olmasına çalışılır. İndiki halda bu istiqamətdə ayrılan vəsaitin artırılması imkanları məhduddur və 190 manatın daha da artırılması proqnozlaşdırılmır. İyul ayının 1-dək bu proqramın müddəti artırılıb. Amma əgər yenidən sərt karantin tədbirləri ilə bağlı qərarlar qəbul edilərsə, ictimai tələb nəzərə alınmaqla birdəfəlik ödəmə proqramının müddəti uzadıla bilər".

Yardım müəmması qayıtdı: 190 manatlıq ödəməni kim alacaq?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manatdır və birdəfəlik ödəniş buna uyğundur: "Amma 190 manat yardımın daha da artırılması üçün parlamentdə bu məsələyə baxılmalıdır, yəni bununla bağlı təşəbbüs olmalıdır. Adətən bu kimi məbləğlər ilin sonunda müəyyənləşir. Lakin bu məbləğin qısa zamanda dəyişdirilməsi üçün əsas olmalıdır. Nazirlər Kabinetinin 23 iyun tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə bu ödəmənin verilməsi həyata keçiriləcək. Bu, bütün respublikaya şamil edilmir. Çünki respublikanın digər şəhər və rayonlarında iş yerləri bağlanmayıb, insanlar çalışırlar. Lakin yalnız Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manatın verilməsi bu ərazilərdə sərt karantin rejiminin tətbiqi ilə bağlıdır".

"Bir ailədə bir nəfər bu yardımı ala bilər. Lakin əgər ailə üzvləri arasında 18 yaşdan yuxarı işsiz şəxslər varsa, sosial ödəniş almırlarsa, onlar da ayrıca ala bilərlər" – deyə ekspert əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası" təsdiq edilib.

Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.