CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə üçün "qırmızı xətt" - NATO da tərəf tutmayacaq

"Türkiyə Liviya ilə imzaladığı dəniz sərhədi razılaşması ilə bağlı bir digər NATO müttəfiqi Yunanıstanla da münasibətlərdə də ciddi problem yaşayır" - Səlcuk Çolakoğlu
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Fransa Prezidenti Emmanuel Makronun Liviya ilə bağlı mövqeyinə görə Türkiyəni sərt şəkildə tənqid etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Makron tunisli həmkarı Kais Səidlə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin Liviyada olduqca təhlükəli oyun oynadığını və bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da bildirdiyini qeyd edib.

Makron: Bu insident NATO-nun "beyin ölümü"nü sübut edir

Türkiyənin Liviyadakı hərəkətlərinin Berlində baş tutan konfransda götürdüyü öhdəliklərə uyğun olmadığını xatırladan Fransa lideri məsələ ilə bağlı Birləşmiş Ştatlar Prezidenti Donald Trampla danışdığını da gizlətməyib. Bundan əlavə, Makron bir neçə gün əvvəl Liviya sahilləri yaxınlığında Türkiyə və Fransa freqatları arasında baş verən insidentə də münasibət bildirərək bunun NATO-nun "beyin ölümü" keçirməsinin sübutu olduğunu qeyd edib.

Bu bəyanat da öz növbəsində birmənalı qarşılanmayıb. Türkiyə Xarici İşlər Nazirliyi Makronun bəyanatlarını yalnız onun ağlının itirməsi izah edilə biləcəyini bildirib. Görünən budur ki, Türkiyə və Fransa arasında münasibətlər hələ bir qədər də gərgin qalacaq. Sputnik Azərbaycan Türkiyənin Liviyadakı siyasəti, həmçinin Türkiyə - Fransa arasında son gərginlik, həmçinin hadisələrin son inkişafı ilə bağlı Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlcuk Çolakoğlu ilə həmsöhbət olub.

Türkiyə üçün "qırmızı xətt" - NATO da tərəf tutmayacaq

Liviyadakı son durum və Türkiyənin bu ölkədəki siyasəti ilə bağlı danışan mərkəzin direktoru qeyd edib ki, rəsmi Ankara 2019-cu ildən bəri aktiv olaraq Liviyada ölkə daxilində davam edən münaqişəyə müdaxilə etməyə başladı: "Türkiyə general Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) ilə mübarizədə Birləşmiş Millət Təşkilatı (BMT) tərəfindən tanınan, mərkəzi Tripolidə olan Milli Birlik Hökumətini (MBH) dəstəkləyir.

Ankara əvvəllər sözdə verdiyi dəstəyi, 2019-cu ilin noyabrında Tripoli hökuməti ilə imzaladığı hərbi işbirliyi və dəniz sərhədinə dair razılaşmanı imzalamaqla hüquqi müstəviyə qaldırdı. Bununla da Türkiyə BMT tərəfindən leqal hökumət olaraq tanınan Tripoli rəhbərliyinə açıq şəkildə hərbi yardım etməyə başladı. Türkiyə Tripoliyə hərbçilər və texniki mütəxəssislər, silah, sursat, tank, zirehli texnika və hərbi dronlar göndərməyə başladı. Türkiyənin son aylarda verdiyi hərbi dəstək sayəsində Milli Birlik Hökuməti Tripoli ətrafında və Liviyanın qərbində Liviya Milli Ordusu ilə gedən döyüşlərdə üstünlük əldə edib. Beləliklə, 6 ay öncə məğlubiyyətə yaxın olan Tripoli hökuməti Türkiyənin hərbi dəstəyi sayəsində vəziyyətini yaxşılaşdırdı".

Fransa Prezidentinin Türkiyənin Liviyada təhlükəli oyun aparmasına dair bəyanatını şərh edən Səlçuk Çolakoğlu əslində Liviyada bölgə ölkələri və böyük güclərin üz-üzə gəldiyini bildirib: "Türkiyə və Qətər Tripolidəki hökuməti dəstəkləyərkən, Fransa, Rusiya, Misir və BƏƏ Tobrukda qərargah tutan Nümayəndələr Məclisini dəstəkləyir. Bu ilin yanvarında Moskva və Berlində baş tutan sülh danışıqlarında general Həftar özünü güclü görməsi və müharibə ilə Tripolini almaq istədiyi üçün Baş Nazir Sərrac ilə bir araya gəlmək istəməmişdi. May ayında vəziyyət Tripoli hökumətinin lehinə dəyişdikdən sonra isə bu səfər Sərrac Həftarın atəşkəs çağırışlarına reaksiya vermir. Dolayısı yolla həm Türkiyə, həm də Fransa öz maraqlarından irəli gələrək Liviyada münaqişə tərəflərini dəstəkləyir".

Lavrov: "Sərrac və Haftar hətta eyni otaqda olmaq istəmirlər"

Direktorun sözlərinə görə, son günlər Liviyada vəziyyəti gərginləşdirən amil Türkiyənin Siirt və Cufranın Milli Birlik Hökuməti tərəfindən alındıqdan sonra müzakirələrin başlayacağını elan etməsi oldu: "Tripoli və Benqazinin arasında yerləşən Siirt şəhəri həm strateji baxımdan, həm də şəhərin cənubunda zəngin neft yataqları ilə bağlı olduqca önəmli hədəfdir. Son iki ayda Tripoli hökuməti öz mövqeyini gücləndirsə də, neft yataqlarının böyük bir hissəsi hələ də Tobruk hökumətinin nəzarətində qalır. Bu baxımdan Tobrukda yerləşən Nümayəndələr Məclisini dəstəkləyən Fransa, Rusiya, Misir və BƏƏ Siirti qırmızı xətt olaraq görür və atəşkəs danışıqlarının dərhal başlamasını istəyirlər. İndiyə qədər hər iki tərəf geri addım atmayıb. Lakin Türkiyə dəstəkli Milli Birlik Hökumətinin hələ də Siirti ala bilməməsi vəziyyətin Liviya Milli Ordusunun xeyrinə dəyişdiyini göstərir".

Səlcuk Çolakoğlu eyni zamanda iki müttəfiq ölkənin gəmilərinin Aralıq dənizində qarşı-qarşı gəlməsinin arzuolunan durum olmadığını da bildirib: "Bundan əlavə, Türkiyə Liviya ilə imzaladığı dəniz sərhədi razılaşması ilə bağlı bir digər NATO müttəfiqi Yunanıstanla da münasibətlərdə də ciddi problem yaşayır. NATO-nun iki müttəfiq arasında olan bir siyasi böhranda tərəf tutmasından söhbət belə gedə bilməz və adətən belə hallarda vasitəçilik mexanizmlərini işə salır. Bu anlamda həm NATO Baş katibi, həm də ABŞ, Böyük Britaniya, Almaniya və İtaliya kimi çəkisi olan üzvlərin Fransa və Türkiyə arasında vasitəçi olması və Ankara - Paris arasında gərginliyi azaltmaq üçün fəaliyyət başlayacağı gözlənilə bilər".