İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. Artıq 3 gündür ki, Bakıda və ölkənin bir sıra şəhərlərində sərt karantin rejimi tətbiq edilib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 iyun saat 00.00-dan etibarən 5 iyul saat 6.00-a qədər sərt karantin rejimi qaytarılıb.
Qərara əsasən vətəndaşlar küçəyə ancaq xüsusi icazə və ya 8103-ə mesaj yazaraq çıxa bilərlər. Mesaj vasitəsilə evdən çıxma müddəti də gün ərzində 2 saatdan çox ola bilməz.
Amma bu gün Bakı küçələri adamla doludur. Əsas küçələrə çox adam çıxmasa da, binaların həyətlərində əsl qələbəlik yaşanır. Çay içənlər, nərd oynayanlar, bir yerə yığışaraq söhbət edənlər... Uşaqların futbol oynaması, bir yerdə gəzişməsi adi haldır. Şəhərin müxtəlif istiqamətlərində polis postları qurulsa da, yoxlamalar həddən artıq səthi aparılır, günün bəzi saatlarında isə demək olar ki, aparılmır.
Havalar isti keçdiyi üçün insanların evdə qalmağının həddən artıq çətin oldu anlaşılan olsa da, amma ölkədə koronavirusa yoluxmanın artan statistikasını da nəzərə almaq lazımdır. Təkcə bu gün ərzində 600-ə yaxın koronavirusa yoluxma faktı qeydə alınıb.
Sərt karantin rejimi elan edilib, yoxlama aparılmırsa, rejimə riayət edilmirsə, belə bir rejimin elan edilməsinin mənası nədir?
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a bildirib ki, polis bütün əhaliyə nəzarət edəcək davranış sərgiləyə bilməz.
"Postları sərtləşdirəndə də müəyyən problemlər ortaya çıxır. Polis postlarını olması, vətəndaşların ləngiməsi vətəndaşların evdən çıxmasının qarşısının alınması üçündür" – deyə o bildirib.
Millət vəkili eyni zamanda, dövlət orqanlarının görməli olduğu işi vətəndaşın görməli olduğunu da bildirib. Onun sözlərinə görə, indi elə vəziyyətdir ki, insanlara ictimai qınaq təsir göstərməlidir: “Amma görünür ki, bu proses Azərbaycanda hələ uzun müddət davam edəcək”.
"İnsanların koronavirusa inanmaması, sağlamlıqlarına qarşı münasibəti bir daha sübut edir ki, bu vəziyyət hələ çox zaman alacaq. Hamı daxilində qorxur ki, koronavirusa yoluxa bilər. Amma hamı da başqasına təlqin edir ki, virus yoxdur. Hazırda virusa inananların sayı bir qədər artıb. Buna da səbəb odur ki, artıq hər kəsin yaxınlığında, çevrəsində bu virusa yoluxan var. Polis də insanların özünə qarşı məsuliyyətli olmasına xidmət edir. Bu da çətin olacaq" – deyə F. Mustafa qeyd edib.
Onun sözlərinə görə, vətəndaşlar daha çox dedi-qodu və şayiələrlə idarə edilir. Məntiqli, elmi əsaslandırılmış xəbərləri heç kim oxumağa maraqlı deyil. Amma sosial şəbəkədə hansısa qeyri-mütəxəssisin açıqlaması daha maraqlı görünür.
"Siz kənardan müşahidə edin. Gigiyenik qaydalara nə qədər adam riayət edir. Yaxud sosial məsafəni nə qədər insan qoruyur? Adi maska taxanları belə, istehza hədəfinə çevirirlər. Maska taxmağı özlərinə sığışdırmırlar. Belə davam etsə, yəqin ki, biz də bu prosesi Braziliya kimi ağır və faciəli şəkildə keçirəcəyik" – deyə millət vəkili bildirib.
Xatırladaq ki, koronavirus ötən ilin sonlarında Çinin Uhan əyalətində yayılmağa başlayıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi pandemiya elan edib.
Azərbaycanda bu günə qədər 13715 nəfər xəstəliyə yoluxub, 167 nəfər ölüb, 6045 nəfər müalicə alır, 7503 nəfər sağalıb.
Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə, ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 197 nəqliyyat vasitəsi rayon, 164-ü isə paytaxt istiqamətinə olmaqla 361 avtomobil geri qaytarılıb.