BAKI, 24 iyun — Sputnik. Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Beybut Atamkulov ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tərəflər nəqliyyat, yük tranziti, hava nəqliyyatı kimi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat mübadiləsi apardılar və koronavirus pandemiyasının yayılmasına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, yüklərin dəmir yolu və avtomobil yolu ilə daşınmasının müsbət dinamikasını qeyd ediblər.
Belə ki, son bir ildə Qazaxıstan və Azərbaycan arasında avtomobil yolu ilə yük daşınmasının həcmi təxminən 22 min ton təşkil edib. Qazaxıstanın dəmir yolu ilə tranzit yüklərinin həcmi 32% artaraq 38,66 min ton təşkil edib. Ötən ilin aprel ayında Aktau-Bakı fider xəttinin açılması ilə əlaqədar olaraq, 2019-cu ildə konteyner daşımalarının həcmi 14,7 min - 20 fut ekvivalentindən 24,8 İFE qədər artıb.
Qeyd etmək lazımdır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Qazaxıstan vətəndaşlarının vətəninə qayıtması istisna olmaqla, Aktau və Kurık dəniz limanları ilə sərnişin daşınmasına müvəqqəti qadağa tətbiq edilib. Bununla belə, yük daşınması həmişəki kimi həyata keçirilir. Bu ilin 6 ayında daşımaların 1 milyon tona çatdırılması proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Tərəflər həmçinin ölkələrdəki və dünyada baş verən epidemioloji vəziyyəti nəzərə alaraq, cari ilin avqustun 1-dən sonra iki ölkə arasında uçuşların bərpa olunmasını nəzərdən keçirmək qərarına gəliblər.
Ölkələr arasında mövcud razılaşmalara əsasən, hər iki istiqamətə həftədə 16 sərnişin və yük uçuşunun həyata keçirilməsinə icazə verilir.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən əvvəl Qazaxıstan aviaşirkətləri ilə ("Air Astana", SCAT) həftədə 13 uçuş həyata keçirilirdi. Azərbaycan aviaşirkətləri ilə (AZAL, "Silk Way West") həftədə 5 uçuş həyata keçirilirdi.