Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 iyun — Sputnik. İnstaqramda izləyici sayı çox olan məşhurların keçirdiyi "Giveaway" yarışında saxtakarlıqla bağlı məlumatlar yayılır. Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev sosial şəbəkədə "Giveaway" adlı yarış keçirib, insanları aldadanları sərt tənqid edib: "Tanınmışlar inciməsinlər. İndi də insanları "Giveaway"lə aldadırlar. Başqa vaxt bəzi qurumlar tez əl-ayağa düşürlər. Amma indi instagramı bu oyunun əlindən açmaq olmur. Bir yoxlayın görün insanları niyə bu qədər aldadırlar. Bir-ikisini tutub, cərimələsələr, başqaları da aldatmaz"
Sputnik Azərbaycan xüsusilə İnstaqram üzərindən həyata keçirən bu uduşlu yarışla bağlı araşdırma aparıb. Məlumat üçün bildirək ki, son zamanlar İnstaqram sosial şəbəkəsində "Giveaway" adlı yarışma geniş vüsət alıb. Oyuna görə, avtomobil, zinət əşyaları, mobil telefon və başqa bahalı hədiyyələr, eləcə də pul mükafatı uduşa qoyulur. "Giveaway" əsasən təşkilatçılar tərəfindən təşkil edilir və bu oyuna instaqramda izləyici sayı çox olan məşhurlar və səhifələr cəlb olunur. Tələblərə görə, izləyicilər qoyulan vaxt ərzində statusda qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməlidirlər. Qeyd edək ki, son günlər "Giveaway”larla bağlı kütləvi şikayətlər sosial şəbəkədə yayılıb. Aldadılan şəxslər paylaşımlarla diqqəti bu məsələyə cəlb etmək istəyir, onlardan bəziləri dövlət qurumlarına da müraciət edib.
Tarix Əliyev də Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə nəzarətsizlik olduğunu söyləyib. O, deyir ki, məşhurlar pul üçün öz səhifələrində "Giveaway" keçirdirlər. "Giveaway" paylaşan məşhurların aldığı qonorar isə fərqlidir. Müğənnilər bu oyunların paylaşımına görə iki-üç min manat ödəniş tələb edirlər. T. Əliyev deyir ki, "Giveaway"də iştirak edən izləyicilər əksər hallarda aldadılır, onlara vəd edilən bahalı hədiyyələr verilmir: “ "Giveaway" təşkil edənlər özlərinə sponsor toplayırlar. Həmin sponsorlar bu yarışda öz səhifələrinin tanıtımı üçün 500, 1000, 1500 manat arası pul ödəyirlər. Qaydalara görə, "Giveaway"ə qoşulan izləyicilər həmin sponsorların səhifəsini qoyulan müddət ərzində izləməlidirlər. "Giveaway" keçirilən gün üçün izləyicilərə bahalı hədiyyələr, mobil telefon, avtomobil söz verilsə də, əksər halda aladılır. Bu hədiyyələrin kimə verildiyi bilinmir. Bəzən avtomobil hədiyyə olunduğu şəxsin şəklini paylaşsalar da, onun kimliyi barədə məlumat verilmir. Mənə çoxlu sayda izləyici bununla bağlı öz narazılığını bildirir. Həmin avtomobilin kimin adına keçirildiyi naməlum qalır”.
T. Əliyev deyir ki, karantin dövründə toysuz qalan müğənnilər "Giveaway"i özlərinə bir növ yeni qazanc növünə çeviriblər. Onların çoxunu aldadılan izləyicilər maraqlandırmır. Üstəlik bu yarışmanı keçirdənlər yaxşı gəlir əldə etsələr də, vergi ödəmirlər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar “instagram” sosial şəbəkəsində dəb halını alan "Giveaway"lərin təşkili tam nəzarətdən kənardır: “Bu elektron müstəvidə keçirilən lotoreyadır. Vaxtıilə canlı kuponlarla camaatı aldadırdılar. İndi artıq bu sosial şəbəkə üzərindən elektron formada həyata keçirilir. Elektron keçirilən yarışmada şəffaflıq yoxdursa bunu sübut etmək də çətin olur. Bu yarışmaya istehlakçıların cəlb edilməsi və aldadılması mümkündür”.
E. Hüseynov bunun elektron platforma üzərindən aldatma olduğunu söyləyir: “Bunun qarşısını almaq üçün hüququ pozulan şəxslər aidiyyatı qurumlara müraciət etməlidirlər. Üstəlik bu yarışmanı keçirənlərlə bağlı da araşdırma aparılmalıdır. Mənim bildiyim qədər bu yarışmanı keçirdənlər dövlətə vergi ödəmirlər. Vergi vermirlərsə, deməli qanunsuzluqlar var”.
E. Hüseynov öz şəxsi mənafeyi üçün bu cür yarışma keçirdən şou biznes nümayəndələrini də ehtiyatlı davranmağa səsləyib. O, bildirib ki, məşhurlar bu oyunun şəffaf keçirilməsinə nəzarət etmədikləri halda izləyicilərini "Giveaway"ə qoşulmağa dəvət etdikdə bunun məsuliyyətini dərk etməli, təşkilatçıdan şəffaflıq tələb etməlidirlər.
Qeyd edək ki, Azərbaycanda lotoreya və bu kimi hədiyyəli yarışmaların təşkilinə Maliyyə Monitorinqi Xidməti nəzarət edir. Sputnik Azərbaycan məsələ ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə əlaqə saxlasa da, qurumun telefonlarına cavab verən olmadı.
Sonda bir məsələni qeyd edək ki, bu yarışmada aldadılan təkcə izləyicilər deyil. Elə keçirilən "Giveaway"lərə sponsorluq edən müxtəlif şirkətlər özləri də aldadılanlar arasındadır. Çünki, "Giveaway"in keçirildiyi müddətdə sponsorların instaqram səhifəsini izləyən izləyicilər bu yarışmadan heç nə əldə etmədikdə əksər hallarda həmin səhifələri izləmədən çıxırlar.