SƏHİYYƏ

Koronaviruslu xəstələrin evdə müalicəsi - Hər kəs özünə həkimlik edir

"Hər xəstəyə indivudal yanaşılmalıdır. "Bir koronavirus xəstəsi bu dərmanı qəbul edirsə, mən də həmin dərmandan alıb qəbul edim" yanaşması əks təsir göstərə bilər. Mütləq belə xəstələrin müalicəsi həkim tərəfindən aparılmalıdır".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik.- Salam, sizdə koronavirusun evdə müalicəsi üçün hansı dərman preparatları var?

- Ən çox alınan "Arbidol" yoxdur, vitamin C və maqneziumlar da qurtarıb. Virus əleyhinə dərmanlar demək olar ki, yoxdur.

Bu, koronavirusa yoluxmuş, yüngül simptomlu və simtomsuz olduqlarından evdə müalicə alan xəstələrin apteklərdən hər gün eşitdiyi cavabdır. Evdə müalicə olunan koronavirus xəstələrinin apteklərdə dərman problemi ilə üzləşdiyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da təsdiqləyib.

Azərbaycanda 508 nəfərdə yoluxma aşkarlandı, 6 nəfər öldü
 O, bildirib ki, TƏBİB xəstəxanaları bütün dərman preparatları ilə təmin edir: "Aptek işlədən sahibkarlara müraciət etmişik ki, apteklər lazımlı dərman preparatları ilə təmin edilsin".

Öncə qeyd edək ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir ki, COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi müzakirə olunur, Hazırda belə xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır.  TƏBİB-in məlumatına əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantinə götürülməsində yeni qaydalar müəyyən edilib. Mayın 1-də təsdiqlənmiş "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları" qərarına dəyişiklik yeni növ virusa "yoluxma sürətiylə" bağlı müzakirəyə çıxarılıb. "Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. Son dəyişikliyə görə, xəstəliyi yüngül formada keçirən şəxslər, onların xüsusi tibb müəssisələrindən kənarda müalicə olunması mümkün hesab edildikdə, "müəyyən olunmuş qaydalara" riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid oluna bilər və onların üzərində tibbi müşahidə həyata keçirilir.

Koronavirus testi pozitiv çıxanlar arasında hazırda evdə həkim tövsiyəsi ilə müalicə alanlar da var, özbaşlarına müalicə alanlar da. Məsələn, Nərgiz Məmmədovanın (adı şərtidir) koronavirus testi artıq üç gündür ki, pozitiv çıxıb. O, deyir ki, həkim tərəfindən ona heç bir müalicə təyin edilməyib. Sputnik Azərbaycan-a məlumat verən həmsöhbətimiz deyir ki, hazırda təngnəfəsdir, hərarət müşahidə olunmasa da, az-az öskürür: "Ona görə ağciyərlərimi KT etdirmək istəyirəm. Amma evdən çıxmağıma da icazə verilmir. Üç gündür özüm-özümə həkimlik edirəm. İmuntet gücləndirən dərmanlar içirəm, "Azromisin" qəbul edirəm. Gördüm ki, mənim xəstəliyimlə maraqlanan yoxdur, mən də özümü müalicəyə başlamışam. Kortəbii olsa da, bunu etməyə məcburam. Amma apteklərdən bəzən dərman tapmaq olmur. Virus əleyhinə dərmanlar demək olar ki, tapılmır".

Əlaqə saxlaığımız apteklərin çoxundan bizə də virus əleyhinə dərmanların olmadığını söylədilər. "Elite" aptekdən bildirdilər ki, hazırda koronavirus xəstələrinin istifadə etdikləri "Arbidol" dərmanı ümumiyyətlə tapılmır. Vitamin C isə çox satıldığından qurtarıb. Özümüzü koronavirus xəstəsi kimi təqdim etdiyimiz digər apteklərdən də yox cavabı aldıq. "Sabah" aptekdən bildirdilər ki, koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsinə başlanandan, virus əleyhinə, eləcə də vitamin, sink və maqnezium tərkibli dərmanlara tələbat artıb: "Siz axşam saatlarında müraciət edin. Axşama doğru maraqlandığınız dərmanlar gələcək. Amma çox gecikməyin. Çünki, dediyiniz dərmanlar gələn kimi də satılıb qurtarır".

Azərbaycanda koronavirusa yoluxanların çoxu qadınlardır - Yaş faizi də açıqlandı

Professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxmuş, yüngül simptomlu və simtomsuz xəstələrin evdə özbaşına müalicəsi düzgün deyil. Professor bildirir ki, belə xəstələr evdə müalicə alsalar da, mütləq həkim nəzarətində olmalı, həkimin resepti əsasında dərman almalıdırlar: "Hər xəstəyə indivudal yanaşılmalıdır. "Bir koronavirus xəstəsi bu dərmanı qəbul edirsə, mən də həmin dərmandan alıb qəbul edim" yanaşması əks təsir göstərə bilər. Mütləq belə xəstələrin müalicəsi həkim tərəfindən aparılmalıdır. Dərman qəbulunda doza həddi var. Hərarət üçün istifadə edilən dərmanları da dozadan artıq qəbul etmək olmaz! Ona görə də, mən bir həkim kimi koronavirus xəstələrinin evdə nəzarətsiz  müalicəsini düzgün hesab etmirəm".

Qeyd edək ki, koronavirusa yoluxmuş, evdə müalicə alan yüngül simptomlu və simtomsuz xəstələr dərmanları öz heabına alırlar.