Qayıdış. Avropa COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətləri bərpa edir

Ümumdünya Səhiyyə Təşkilatı artıq qeyd edib ki, hazırkı vəziyyətdə Avropada ikinci epidemiyanın başlaması yalnız bir neçə günün məsələsidir.
Sputnik

BAKI, 23 iyun — Sputnik. Portuqaliya COVID-19 pandemiyası ilə bağlı bir sıra məhdudiyyətləri yenidən tətbiq edib. Sputnik Azərbaycan "Diario de Noticias" qəzetinə istinadən xəbər verir ki, Portuqaliyanın Baş naziri Antoni Koştu Lissabon və Teju çayı vadisində məhdudiyyətlərin bərpa olunduğunu deyib. 

Daha effektiv deyil – Koronavirus əleyhinə olduğu deyilən dərman ümidləri qırdı

Onun sözlərinə görə, söhbət 15 rayondakı vəziyyətdən gedir. Orada çərşənbə günündən etibarən müəyyən fəaliyyət növlərinə məhdudiyyətlər artırılacaq. Xüsusilə, kafe və mağazalar axşam saat səkkizdə bağlanmalıdır. Restoranlar isə saat səkkizdən sonra yalnız yemək sata bilər.

Bundan əlavə, insanlar yalnız 10 nəfərdən çox olmayan qruplarda toplana bilərlər.

Rəsmi məlumatlara görə, mayın 21-dən iyunun 21-dək Portuqaliyada 9221 nəfər COVID-19 xəstəliyinə yoluxub. Yoluxmaların böyük əksəriyyəti Lissabonda və Teju çayı vadisində baş verir.

İspaniyanın Araqon vilayətinin Ueska əyalətində də karantin tədbirləri geri qaytarılır – orada da koronavirusa yoluxma halları aşkar edilib.

"Euronews" xəbər verir ki, mütəxəssislər koronavirus infeksiyasının meyvə və tərəvəz yığımında çalışan mövsümi işçilər arasında yayıldığını hesab edir.

Hələ ki, yoluxma ocaqları lokaldır. Yoluxma həmçinin iki iri aqlomerasiyada da aşkarlanıb - söhbət ölkənin paytaxtı Madriddən və Barselonadan gedir.

Almaniyadakı vəziyyət də narahatlıq yaradır. Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunda 1500-dən çox insanın yoluxduğu aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq qeyd edib ki, hazırkı vəziyyətdə Avropada ikinci epidemiyanın başlaması yalnız bir neçə günün məsələsidir.