CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu çətin günlərdə ölümüzü necə basdıraq ki, Allaha da xoş getsin

"Sərt qadağadansa yas mərasimlərinin keçirilməsi üçün yeni qaydalar tətbiq etmək olar. Xeyir-şər evlərində ara məsafəsi saxlamaqla bunu etmək daha yaxşı olar. Çünki, evlərdə buna imkan yoxdur".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Yas mərasimləri xüsusilə rayon yerlərində koronavirusun yayıldığı əsas ocaqlardan birinə çevrilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyyətinin sədri Ramin Bayramlı da koronavirus xəstəsi olan qadınların çoxunun bu virusa yas mərasimlərində yoluxduğunu söyləyib. Bu günlərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yas mərasimlərinin məhdudlaşdırılmalı, ehsan mərasimlərinin dayandırılmalı olduğunu dilə gətirib. O, bildirib ki, rayon və kənd yerlərində yas çadırlarını icarəyə verən şəxslər də cəzalandırılmalıdır. Onun sözlərinə görə, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər: "Yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər. Lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və din xadimləri heç bir halda həmin toplantılarda iştirak etməsin".

Bununla belə rayon yerlərində yas mərasimlərinin keçirilməsi davam edir. Sputnik Azərbaycan yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələnin necə tənzimləınməli olduğunu araşdırıb.

Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yas mərasimlərinin təşkili dayandırılmalıdır. O, deyib ki,  kütləvi toplaşmaq hazırda ən təhlükə doğuran məqamdır: "Əgər kimsə bu qadağalara rəğmən yas çadırını kirayə verirsə, belə şəxslər barədə də tədbir görülməlidir. Amma ilk növbədə insanlar özləri şüurlu şəkildə bu təhlükəni anlayıb yas keçirməməlidir. Ehsan verib öz doğması qarşısında son borcunu yerinə yetirdiyini düşünən insanlar 30 nəfəri yoluxdurmağın məsuliyyətini də dərk etməlidirlər. Bu xüsusilə rayon yerlərində əhaliyə izah olunmalıdır. Qadınların əksəriyyəti yas yerlərində yoluxurlar. İnsanlar Quranda yazılana inanmalı, ona uyğun dəfn mərasimi keçirməlidir".

Deputat Ceyhun Məmmədov isə  yas mərasimlərinin təşkili üçün qaydalar müəyyənləşdirməyi təklif edib. O bildirib ki, bu məsələyə baxılmalıdır: “Müvəqqəti olaraq hansısa müəyyən normalar müəyyənləşdirə bilərik. Çünki yas zamanı insanlar mərasim evlərinə toplaşmasalar da, öz evlərində yas keçirirlər. Bəziləri bu məhdudiyyətləri yanlış formada təqdim edirlər. Onlar iddia edirlər ki, guya hökumət insanların bir yerə toplanmasını istəmədiyi üçün bu məhdudiyyətləri tətbiq edir. Bu gün yas və toy mərasimləri ilə bağlı qadağaların yüngülləşdirilməsi və sadələşdirilməsi istiqamətində addımlar atılması üçün seçicilərim mənə müraciət edir”.

Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ruhani İdarəsinin tapşırığına əsasən onlar fəaliyyətini dayandırıb: "Pandemiya dövründə biz fəaliyyətimizi dayandırmışıq. Məclislərin xeyir-şər evlərində keçirilməsinə qadağa qoyulsa da, görünən odur ki, insanların bir qismi bu qadağalara əməl etmirlər. Rayonlarda, hətta şəhərin mərkəzində belə evlərə yığışaraq yas məclisi keçirdirlər. Ona görə də, düşünürəm ki, sərt qadağadansa yas mərasimlərinin keçirilməsi üçün yeni qaydalar tətbiq etmək olar. Xeyir-şər evlərində ara məsafəsi saxlamaqla bunu etmək daha yaxşı olar. Çünki, evlərdə buna imkan yoxdur. İnsanlar mənzillərində yas mərasimi keçirdiklərindən yoluxma halları da belə yerlərdə artır. Əgər mərasim evlərində yas mərasimlərinin keçirilməsinə icazə verilsə, insanlar ara məsafəsi saxlamaqla, qaydalara əməl etməklə öz yaxınlarının acısına şərik olar. Mənzillərdə də basabasda yas mərasimlərinin keçirilməsinə ehtiyac qalmaz! Çünki, yas mərasimi insanların illərdir həyata keçirdiyi, adət- ənənə halını aldığı bir ayindir. Birmənalı şəkildə qadağalar effekt vermir. İnsanlar doğmasına yas mərasimi keçirməyi onun yanında özünə son borc hesab edirlər. Buna görə də, hərə bir yolunu tapıb evdə də olsa ehsan süfrəsi açır".