CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada qətl törədən azərbaycanlı Bakıda ələ keçdi: tanınmış idmançı imiş

Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib
Sputnik

BAKI, 22 iyun — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 2018-ci il iyulun 3-də Ukrayna paytaxtındakı restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxsi Bakıda saxlayıblar. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, tutulan şəxs Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan Bakı sakini Yasin Həsənovdur.

Ukraynada qətl törədən azərbaycanlı Bakıda ələ keçdi: tanınmış idmançı imiş

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yasin Həsənovun idmançı olduğu da müəyyənləşib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub. O, 20 fevral 1987-ci ildə Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, idmançı kimi nailiyyətlərini Bakıya gəldikdən sonra əldə edib.

Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-ci ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.