CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SMS icazəsi ilə postlardan keçə bilməyəcəksiniz - 50 km-ə benzin yandırmağa dəyməz

SMS məlumat vasitəsilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar
Sputnik

BAKI, 22 iyun — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə 1 dəfə olmaqla 2 saat müddətinə icazə verilib.

2020-nin aprelinə qayıdış: Karantinli Bakıda ilk iş günü – VİDEO

Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, lakin ötən gün ərzində aparılan müşahidələr göstərir ki, SMS məlumat vasitəsilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar.

Göstərilənləri nəzərə alaraq, DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeran rayonunda yaşayan, lakin respublikanın ayrı-ayrı rayon və şəhərlərində daimi qeydiyyatda olan hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, infeksiyaya yoluxmanın yayılma sürətini nəzərə alaraq, SMS vasitəsi ilə icazə alıb daimi qeydiyyatda olduğu rayonlara getmək istəyən şəxslər həmin inzibati ərazilərin sərhədlərindəki avtomobil yollarında yerləşən karantin postlarından buraxılmayacaqlar.

Xahiş olunur ki, həmin şəxslər karantin postlarının paytaxtdan 50-60 kilometrlik məsafədə yerləşməsini nəzərə alaraq, qeyd olunan istiqamətlərə getməklə əlavə əziyyət çəkməsinlər, eləcə də ölkədə tətbiq edilmiş epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmək üçün digər yollardan istifadə etməklə karantin ərazilərini keçməyə cəhd göstərməsinlər.