21 iyun 00:00-dan etibarən 5 iyul 06:00-a qədər Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı və Abşeron rayonunda ciddi karantin rejimi tətbiq edilir.
Qeyd edilmiş şəhər və rayonlarda yalnız sms-xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq mümkündür. Ticarət mərkəzləri, restoran və kafelər, gözəllik salonları və bərbərxanaların fəaliyyəti dayandırılıb. Açıq havada idman oyunlarının keçirilməsi qadağandır.
Əgər baharda karantinin ilk mərhələsində bu vəziyyətə tab gətirmək çətin idisə, yayın istisində insanlar üçün dörd divar arxasında qalmaq ondan da çətinləşib.
Düzdür, daha öncə Azərbaycanda tətbiq edilən məhdudiyyətlərlə müqayisədə bu dəfə park və bulvarlar açıq olacaq. Yaşı 65-dən yuxarı olanlar üçün də evdən çıxmaq qadağası qalmayıb.
Ümumi olaraq koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi 1 avqust tarixinə qədər davam edəcək.