CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili maska probleminin həlli barədə: "Polis nəzarəti gücləndirilsin"

O hesab edir ki, şəxsi avtomobilindən istifadə edir və insanlarla ünsiyyətdə olmadığı üçün əgər onda hərhansı bir virus olarsa, heç kimə keçə bilməz.
Sputnik

 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Hələ ötən ay Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərar qəbul edib.

Qərara əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda ictimai nəqliyyatda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

Bu ərazidə sərnişinlərə maska paylandı

Ancaq təəssüf olsun ki, bəzi məkanlarda məsələn marketlərdə vətəndaşlar maska taxmır. Hələ bu da azmış kimi maska taxanlara istehza ilə baxırlar.

Düzdür, bəzi marketlərin girişində, vətəndaşlardan qaydalara əməl etmək tələb olunur. Amma bəzi marketlərdə buna fikir verilmir.

Vətəndaşlar özləri bilərəkdən maska taxmaq istəmirlər.

Millət vəkili Musa Quliyev deyir ki, tələb olunan yerlərdə maskadan istifadə etməyənlər ciddi şəkildə cərimə edilməlidir.

O qeyd edib ki, xüsusilə metroda və yerüstü ictimai nəqliyyatda qanunu pozanların cərimələnməsi və bu istiqamətdə real tədbirlərin icrasına start verilməlidir: "Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün qaydaları pozanlar və cərimələnlər barədə ictimaiyyətə məlumat verməlidir".

30 yaşlı Bakı sakini Tural Eyyubov qaydaları bildiyini, ancaq maska taxmadığını bildirir: "Bilirəm, cərimə ediləcəyəm. Amma mənim maska almağa əlavə pulum yoxdur. Həm də deyirlər bir maskadan 3 saat istifadə etmək olar. Gərək mənim cibimdə ən azı 5 maska olsun ki, iş gününü yola verə bilim. Buna isə imkanım yoxdur. Maskalar pulsuz verilsə, hamı taxar".

Xüsusi bokslar, maska, əlcək - Koronavirusun məşq zallarında yaratdığı qaydalar

Digər sakin Anar Məmmədov isə bildirir ki, maska taxa bilmir, maska taxanda nəfəs çatışmazlığı yaşayır: "Qaydaları bilirəm. Cərimələr haqqında da məlumatım var. Ancaq nə edim ki, maska taxanda nəfəsim tıxanır. Sanki boğuluram".

Bakı sakini bu günə qədər maskasız gəzdiyinə görə, cərimə edilmədiyini bildirir.

O hesab edir ki, şəxsi avtomobilindən istifadə edir və insanlarla ünsiyyətdə olmadığı üçün onda hər hansı virus olarsa, heç kimə keçə bilməz.

"Mağazaya girəndə baxıram, əgər qapıda tələb etsələr taxıram. Fikir verən olmasa, taxmıram. Polis onsuz da mağalara girib yoxlama aparmır", - deyə o vurğulayıb.

Xatırladaq ki, ölkədə COVID-19 pandemiyası ilə əlaqədar sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Qeyd edək ki, ötən gün ölkə əraziisndə 491 koronavirus faktı aşkar edilib. 283 nəfər sağalıb, 6 nəfər ölüb.

Ümumi olaraq ölkədə12729 nəfər virusa yoluxub, bunlardan 6799 nəfər sağalıb, 5776 nəfər müalicə alır və 154 nəfər ölüb.

Bu günə qədər 422049 test həyata keçirilib.