ÜST xəbərdarlıq etdi – Pandemiyanın çox təhlükəli mərhələsi başlayır

insanlar evdə qalmaqdan beziblər, hökumətlər isə iqtisadi fəaliyyəti bərpa etməyə can atırlar - deyə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adaxnom Qebreyesus bildirib
Sputnik

BAKI, 20 iyun – Sputnik. Dünyada koronavirusa yeni yoluxma ilə bağlı rekord rəqəm pandemiyanın sürətlə yayıldığını sübut edir. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adaxnom Qebreyesus bildirib.

O, əlavə edib ki, yeni yoluxma hallarının yarısı hələ may ayında pandemiyanın mərkəzi elan edilən Şimali və Cənubi Amerikanın payına düşür. Cənubi Asiya və Yaxın Şərqdə də yeni yoluxma faktlarının xeyli artdığı qeyd edilib.

“Dünya yeni və çox təhlükəli mərhələdədir” – Qebreyesus vurğulayıb. O, diqqəti ona çatdırıb ki, insanlar evdə qalmaqdan beziblər, hökumətlər isə iqtisadi fəaliyyəti bərpa etməyə can atırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.