CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxanlar belə izlənəcəklər

"Qırmızı rəng həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirir"
Sputnik

BAKI, 20 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah "E-Təbib" mobil tətbiqini təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qərargahın bu gün təşkil olunan brifinqində bildirilib ki, bu mobil tətbiq vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəklər: "E-Təbib" bluetooth əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçilərini izləyir. İstifadəçinin statusu göy rəng olarsa, demək, həmin şəxs koronavirus testi verməyib. Əgər sarı rəngdədirsə, həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğunu göstərir. Qırmızı rəng həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirir. Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər".