İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. "Çimərlik mövsümünə hazırlıq olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən vakant motros-xilasedici vəzifələrinə müsabiqə elan edilib. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən fiziki cəhətdən sağlam, həqiqi hərbi xidmət keçmiş vətəndaşlar iştirak ediblər".
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili danışıb.
Onun sözlərinə görə, 47 nəfər xüsusi üzmə bacarığı olan, bu peşəyə uyğun vətəndaşlar müəyyən edilib.
Onlarla müqavilə bağlanılıb. Qurumun xilasedicilərinə kömək məqsədilə həmin şəxslər ərazilərə təhkim edilib.
A.Əlili vurğulayıb ki, həmin işçilər mövsümi işçilərdir.
"Dalğıcların ixtisas artırması ilə bağlı qurumda çimərlik mövsümü ilə əlaqəli təlimlər keçirilir. Bu dövr pandemiya dövrünə təsadüf etsə də, biz hissə-hissə həmin təlimləri təşkil edə bildik. Dalğıclarımız tibbi müayinədən keçdilər. Xüsusi hazırlıq kursundan keçərək çimərlik mövsümünə tam hazır vəziyyətdə xidmətə buraxıldılar", - deyə A.Əlili bildirib.