BAKI, 19 iyun — Sputnik. Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və küt alətlə qadına xəsarət yetirib qaçması barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb. Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.