BAKI, 18 iyun — Sputnik. İraq Türkiyədən bu ölkənin şimalında olan qoşunlarını geri çəkməyi və bölgənin bombardmanlarının dayandırılmasını istəyib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib.
Nazirlik Türkiyəni kürd qüvvələrini hədəf alan İraqın şimalındakı əməliyyatlarına son verməyə çağırıb: "Türkiyənin bombardmanı durdurması və hücum güclərini İraq torpaqlarından geri çəkməli olduğunu vurğulayırıq. Bu pozuntuları qəti şəkildə pisləyirik".
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi ötən gün İraqın şimalında, Həftani bölgəsində Pəncə - Pələng əməliyyatına başladığını bildirib. Bu gün yayılan məlumatda Türkiyə tərəfinin İraqın şimalında əməliyyatlar zamanı terrorçulara məxsus 500-dən çox hədəfini zərərsizləşdirdiyi qeyd edilib.