CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlikləri hələlik yaddan çıxarın

"Virusla yaşamaq üçün qaydalara, metodik göstərişlərə riayət etməliyik. Bu halda xəstəlik də nəzarətdə olacaq" - millət vəkili
Sputnik

BAKI, 18 iyun — Sputnik. “Karantin rejiminin ciddiləşməsi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, öncəki məhdudiyyətlərdən fərqli olaraq SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə, bunun üzərində işlənilir:

“Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumat veriləcək. İnsanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq. Yəni necə ki, SMS icazə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlmək müəyyən olunurdusa, bu çərçivədə yanaşılacaq. Bu istiqamətdə sabah əlavə məlumatlar veriləcək”.

Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da bildirib ki, sərt karantin dövründə, iki həftə ərzində çimərlikdən istifadə mümkünsüz olacaq.

R.Mahmudov deyib ki, karantin rejimi yumşaldıqda tibbi-metodiki göstərişə uyğun olaraq çimərliklər açıla bilər: “Virusla yaşamaq üçün qaydalara, metodik göstərişlərə riayət etməliyik. Bu halda xəstəlik də nəzarətdə olacaq”.