BAKI, 18 iyun — Sputnik. “İnfeksiya olduğu halda Bəhram Bağırzadəyə orqan köçürülməsi mümkün deyil”.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov qeyd edib ki, dünyanın heç bir ölkəsində virusa yoluxan xəstəyə orqan köçürülmür: “Xəstə sağalandan sonra orqan köçürülməsi müzakirə mövzusu ola bilər”.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.