CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının problemini yaponlar həll edəcəklər

Bundan sonra Badamdar - 20-ci Sahə yolunun sağ tərəfində uzunluğu təqribən 1200 metr qoruyucu beton divar inşa ediləcək.
Sputnik

BAKI, 18 iyun — Sputnik. "Uzun müddətdir Badamdar yamacında Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və mütəxəssislərin iştirakı ilə tədqiqat işləri aparılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli deyib.

Onun sözlərinə görə, tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Yaponiya şirkətlərinin mütəxəssisləri iştirak edirlər.

"Tədqiqatlardan sonra nəticələr araşdırılıb və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitutu və Yaponiya şirkətləri tərəfindən bu yamacın problemlərini birdəfəlik həll etmək üçün kompleks tədbirlər layihəsi işlənilib. Və layihənin həyata keçirilməsinə başlanılıb. Layihə mərhələli şəkildə aparılacaq. Hələ ki, yamacın üst hissəsindəyik. Burada layihə üzrə 3 drenaj quyunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30, diametri 3.5 metr, quyular arasındakı məsafə 42-50 metrdir", - deyə o əlavə edib.

T.Hüseynli həmçinin bildirib ki, məqsəd yamaca daxil olan suları kənarlaşdırmaqdır. Quyuların qazılmasına paralel olaraq yamacda terraslaşma də aparılacaq. Bu işlərə quyular müəyyən qədər qazıldıqdan, sular müəyyən qədər kənarlaşdırıldıqdan sonra başlanılacaq.

Tilsimə düşmüş yol: Deyəsən, bu xəmir çox su aparacaq – VİDEO

"4 terras nəzərdə tutulub ki, onların səthləri dəmir-betonla örtüləcək və xüsusi dəmir-beton ankerlər vasitəsilə bərkidiləcək. Sonra Badamdar və 20-ci sahəyə doğru gedən hissədəki yamacda təbii torpaq kütləsi ilə terraslaşma işi aparılacaq. Bundan sonra Badamdar - 20-ci sahə yolunun sağ tərəfində uzunluğu təqribən 1200 metr qoruyucu beton divar inşa ediləcək. Sonda yamacda yaşıllaşdırma işləri aparılacaq. Çünki şəhərin bir çox yerindən o yamac görünür. Şəhərin ümumi görünüşündə yamacın gözəlliyi xüsusi yer tutacaq", - deyə Hüseynli vurğulayıb.

Onun sözlərinə görə, əsas məsələ yamacın stabilliyini təmin etməkdir.

Bunun üçün ilk növbədə sürüşməyə səbəb olan yeraltı sular tənzimlənməlidir: "Əsas məsələmiz budur. Qurğular Yaponiyadan gətirilib. Quyulara bərkidiləcək lövhələr onun divarlarının dağılmaması üçündür. Quyulara pilləkənlər, xüsusi nasoslar qoyulacaq. Su səviyyəsi qalxdıqca operativ şəkildə sahədən kənarlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq. Digər işlər də paralel olaraq gedəcək".