CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenidən sərt karantin: Hansı sahələrdə məhdudiyyətlər olacaq?

"1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır" - Leyla Abdullayeva
Sputnik

BAKI, 18 iyun — Sputnik. 21 iyun gecə saat 00:00-dan 5 iyul səhər saat 06:00-dək ciddi karantin rejiminin tətbiqi zamanı hansı sahələrdə məhdudiyyətlərin olacağı bəlli olub. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə: “Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir".

"Məlum olduğu kimi, 1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır", - deyə XİN sözçüsü bildirib.