Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.
Sputnik Azərbaycan-a AzTV-dən daxil olan məlumata görə, Mübariz Aslanovun yerinə Nərgiz Rəfiyeva təyin edilib. Nərgiz Rəfiyeva vaxtilə "Lider TV"də, "Azərfon" da "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.
N. Rəfiyeva Sputnik Azərbaycan-a açıqlamasında təyinatını təsdiqləyib. O, bildirib ki, bu ilin əvvəlindən etibarən AzTV-də sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində müavin vəzifəsində çalışır . Bu gündən etibarən isə artıq sözügedən şöbənin müdiri vəzifəsinin icrasına başlayıb: "Mən hər zaman işlədiyim qurumlarda ictimaiyyətlə əlaqələr şöbəsində çalışmışam. Ona görə də, AzTV-də də bu şöbəyə təyin olunmağım təsadüfi deyil".