İQTİSADİYYAT

Tək qanun, tonlarla pul, nə gömrük, nə də vergi - Azərbaycanda biznes cənnəti

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda Ələt azad iqtisadi zonası yaradılıb, burada vergi və gömrük olmayacaq. Bu, iş adamları və investorlar üçün çox mühüm hadisədir.

Dövlət başçısı mayın 22-də "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" fərman imzalayıb.

Xaricilər Azərbaycanın üç kəndinə "göz qoyublar"

Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.

Qeyd edək ki, artıq ABŞ rəsmiləri Amerika şirkətlərinin Ələt azad iqtisadi zonasına sərmayə yatırmağa hazır olduqlarını bildiriblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə "Ələt azad iqtisadi zonası (Azad Zona) haqqında" qanun qəbul edilib və bu qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir:

"Azad Zona sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılıb. Ümumiyyətlə, iqtisadi zonaların xüsusiliyi ondan ibarətdir ki, həmin zonalarda biznes üçün daha liberal mühit yaradılır və biznes vergi və gömrük öhdəliyindən azad edilir, güzəştli kommunal xidmətlərə çıxış imkanı yaradılır. Eyni zamanda xüsusi mülkiyyət hüququ mexanizmləri formalaşdırılır. Qanunvericilikdə məhz bu məqamlar öz əksini tapıb. Böyük ehtimal ilə növbəti dövrlərdə Azad Zonaya xarici investorların cəlb edilməsi təşəbbüsləri ortaya çıxacaq, artıq danışıqlar prosesi aparılır".

O bildirib ki, dövlət başçısının mayın 22-də imzaladığı fərmanla Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb: "Sənədə əsasən, Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. 

Pullarımızla bağlı çox bədbin xəbər: iyunda daha pis olacaq
Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub. Artıq Ələt azad iqtisadi zonasının daimi idarəetmə qurumunun yaradılması bu prosesin sürətlənməsi, hüququ münasibətlərin formalaşması üçün platformanın yaradılması üçün şərait yaradacaq. Bu addımla Azad Zonanın formalaşması istiqamətində real mərhələ başlayacaq. İndiyədək daha çox infrastruktur təyinatlı və hüquqi bazanın formalaşması istiqamətində işlər görülürdü".

Ekspert bildirib ki, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək: "Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad ediləcəklər".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, azad iqtisadi zona konsepsiyası böyük ərazilərdə daha çox işlək olur: "1990-cı illərdə azad iqtisadi zona konsepsiyası dünyada və əsasən də Çində, Rusiyanın bəzi bölgələrində, ABŞ-ın Alyaska ştatında çox inkişaf etdi. O vaxt təbii şərait ağır olduğu üçün həmin ərazilərdə azad iqtisadi zonalar yaradıldı və investorların cəlb olunması üçün dövlətlər tərəfindən müsbət mesajlar verildi".

"Azərbaycan kiçik ölkədir və azad iqtisadi zona qaydalarının bütün ölkəyə yayılması daha yaxşı olardı. Ola bilər, Ələtdə bir təcrübə kimi o qaydaların necə işləməsini sınaqdan keçirmək mümkündür. Bu, müsbət addımdır və düşünürəm ki, investorların Ələt azad iqtisadi zonasına maraqları olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Azad Zonada Azad Zona qanunvericiliyi tətbiq ediləcək. Bu ərazidəki mübahisələri Azərbaycanın iqtisadi məhkəmələri deyil, elə daxildəki qurumlar həll edəcəklər. Bu ərazidə Azərbaycanın ənənəvi qanunvericiliyindən yalnız cinayət qanunvericiliyi tətbiq ediləcək. Azad Zonada Azərbaycan dili ilə yanaşı, işçi dil kimi ingilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə biləcək.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var. Azad Zona səlahiyyətli qurumu Azad Zonada miqrasiya ilə bağlı prosesləri tənzimləyən, o cümlədən viza növlərini və hər bir viza növü üçün tələb və qaydaları müəyyən edən daxili qaydalar formasında miqrasiya qaydaları qəbul edəcək.

Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək və sosial təminat məsələlərini həyata keçirmək məqsədi ilə daxili qaydalar formasında əmək qaydaları qəbul edəcək.