BAKI, 17 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, Naxçıvan-Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.
Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:
• 9-cu sinif üzrə buraxılış imtahanları;
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərinməzunları üçün qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.