CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ün Azərbaycan nümayəndəsi azərbaycanlıların qınaq hədəfi oldu

Sosial şəbəkə istifadəçiləri  koronavirus təhlükəsi ilə əlaqədar insanları evdə qalmağa səsləyən Hande Harmançının özünün qaydalara əməl etməməsini, sözü ilə əməlinin üst-üstə düşməməsini sərt şəkildə qınayıblar
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sərtləşdirilmiş xüsusi karantin rejimində Quba rayonuna istirahətə yollanması ictimai qınağa səbəb olub.

Karantin günlərində hər kəsi evdə qalmağa səsləyən ÜST rəsmisi sərt karantin günlərində İnstaqram hesabında Quba və Qusar meşələrində istirahət şəkillərini paylaşıb. Onun bu paylaşımı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri  koronavirus təhlükəsi ilə əlaqədar insanları evdə qalmağa səsləyən Hande Harmançının özünün qaydalara əməl etməməsini, sözü ilə əməlinin üst-üstə düşməməsini sərt şəkildə qınayıblar. Sputnik Azərbaycan Hande Harmançının özü ilə əlaqə saxlamağa cəhd etsə də, ÜST Azərbaycandakı nümayəndəsi telefonunu açmayıb.

ÜST-ün Azərbaycan nümayəndəliyindən Sputnik Azərbaycan-ın sualına cavab olaraq H.Harmançının adından cavab göndərilib: "Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər. İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.  Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm".