BAKI, 16 iyun — Sputnik. Ucuz və dünyanın əksər ölkələrində satışda olan deksametazon adlı dərman koronavirus xəstəliyini ağır formada keçirən pasiyentlərin həyatını xilas edə bilər. Bu barədə Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir.
Böyük Britaniyadan olan mütəxəssislər bildirirlər ki, aşağı dozalı steroid müalicəsi ölümcül virusla mübarizədə xəstələrin səhhətlərində böyük bir irəliləyişin əldə olunması ilə nəticələnir.
Məlumatda qeyd olunur ki, bu dərmandan istifadə süni havalandırma aparatında olan xəstələrdə ölüm riski hallarını 1/3, oksigen aparatında olan şəxslərdə isə ölüm riski hallarını 1/5 qədər azaldıb.
Deksametazon dərmanı dünyada mövcud müalicə metodlarının koronavirusa qarşı effektiv olub-olmamasına dair keçirilən sınaqlar çərçivəsində test edilib.
Alimlər müəyyənləşdiriblər ki, əgər dərman koronavirus pandemiyasının başladığı tarixdə Böyük Britaniyada olsa idi, onda 5 mindən çox insanın həyatını xilas etmək mümkün olardı. Dərman vasitəsi ucuz olduğundan COVID-19 xəstələrinin çox olduğu ölkələr üçün əlavə üstünlük ola bilər.
Ağciyərlər koronavirusdan sonra necə bərpa olunur?>>
Oksford Universitetindən olan mütəxəssislər tərəfindən keçirilən sınaqlar zamanı 2000 xəstəyə deksametazon dərmanı verilib və onların göstəriciləri dərman qəbul etməyən 4000 xəstənin göstəriciləri ilə müqayisə edilib.
Araşdırmalar göstərib ki, havalandırma aparatına qoşulan pasiyentlərdə ölüm riski 40%-dən 25%-ə, oksigen aparatında qoşulu olan şəxslərdə isə bu göstərici 25%-dən 20%-ə düşüb.
Baş araşdırmaçı, professor Piter Horbi əldə olunan nəticələri böyük irəliləyiş adlandırıb: "Hələlik bu, ölüm hallarını azaldan yeganə preparatdır. Özü də ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır. Bu, böyük irəliləyişdir".
Nəticələr barədə danışan aparıcı mütəxəssis, professor Martin Lendrey isə qeyd edib ki, bu dərmandan istifadə süni havalandırma sisteminə qoşulan 8 pasiyentdən birini, oksigen aparatına qoşulu olan 20-25 pasiyentdən isə birini xilas edə bilər:
"Bu açıq-aydın irəliləyişdir. Deksametazon ilə müalicə 10 gün davam edir və onun dəyəri 5 funt sterlinqdir (10,75 AZN). Bir pasiyenti xilas etmək üçün 35 funt sterlinq (75 AZN) lazımdır. Bu preparatı bütün dünyada almaq mümkündür".
Professor Lendrey qeyd edib ki, xəstəxanada olan pasiyentlərə bu dərman gecikdirilmədən verilməlidir. O, eyni zamanda insanların bu dərmanı alıb, evə aparmamalı olduğunu da xatırladıb.
Deksametazonun eyni zamanda koronavirusu yüngül formada keçirən şəxslərə - nəfəsalmada problemi olmayanlara yardım etmədiyi vurğulanır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu keçib, 431 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.