CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə qalan azərbaycanlıların dərdinə Dağıstan rəhbəri çarə təklif etdi

Dağıstan sərhədindəki düşərgədə çaxnaşma evə göndəriləcək Azərbaycan vətəndaşlarının siyahısına görə narazılıqdan başlayıb
Sputnik

BAKI, 16 iyun — Sputnik. Rusiya tərəfi Dağıstan sərhədində qalıb vətənə keçidlərini gözləyən Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı bundan sonra problemlər yaranmasın deyə təkliflə çıxış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə regionun Dərbənd rayonunun başçısının vəzifələrini icra edən Fuad Şıxıyev danışıb.

Bu ərəfədə, Rusiya KİV-lərinin məlumatına görə, Dağıstanda qalıb ölkəmizə keçəcəklərini gözləyən bir neçə yüz vətəndaşımız federal avtoyolu bağlayaraq sərhəddən keçirilmələrini tələb edibr. Məlumata görə, onlar polisin əmrlərinə tabe olmayaraq, onlara daş atıb, döyüblər. Nəticədə hüquq mühafizə orqanlarının 7 əməkdaşı xəsarət alıb, 93 həmvətənimiz isə saxlanılıb.

Gecə qiyamı: Azərbaycan-Rusiya sərhədində nə baş verib – VİDEO

Şıxıyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətilə danışıqlar zamanı respublikanın başçısı Vladimir Vasilyev təklif edib ki, Dağıstandakı düşərgəyə Azərbaycanın rəsmi nümayəndəsi gələrək sərhədi keçib Vətənə göndəriləcək azərbaycanlılar arasında narazılığın aradan qaldırılması üçün izahedici söhbət aparsın.

O deyib ki, Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdirildikləri düşərgədə ötən gecəki narazılıq məhz ölkəyə göndəriləcək şəxslərin siyahısı ilə razı olmayanlar səbəbindən baş verib.

Şıxıyev həmçinin izah edib ki, Azərbaycana göndərilərkən ilk növbədə qadınlar, uşaqlar, yaşlı adamlar və xroniki xəstəliyi olanlara üstünlük verilir.

"(Azərbaycandan olan) Nümayəndə heyəti qərar qəbul etməkdə səlahiyyətli deyildi, buna görə də o, danışıqlar barədə məlumatı ölkə rəhbərliyinə çatdıracaq, məhz bundan sonra qərar qəbul ediləcək", - Şıxıyev bildirib.

Onun sözlərinə görə, saxlanılan 93 Azərbaycan vətəndaşının əməllərinə hüquqi qiymət verilməsi üçün iş aparılır. 

Danışıqlarda polis tərəfindən saxlanılanların taleyinin müzakirə olunması barədə suala isə Şıxıyev cavab verib ki, onlar Rusiya ərazisində qanunu pozublar: "Yəni orada müzakirə olunası bir şey yoxdur".

"Nəticədə yeddi hüquq mühafizə orqanı işçisi vəzifələrini icra edərkən yaralanıb, iki polis, iki sərhəd xidməti maşını, bir ədəd də fərdi avtomobil əzilib", - Şıxıyev əlavə edib.

O bildirib ki, hazırda müvəqqəti düşərgədə vəziyyət sabitləşib.

Dərbənd rayonu və Dərbənd şəhəri ərazisində 586 Azərbaycan vətəndaşı vardı, bu gün onlardan 155 nəfəri ölkəmizə göndərilib.

"Yəni gedənlərin sayını burada olanların sayından çıxırıq. Amma şərait elədir ki, kimsə gedəndən sonra kimsə də gəlir və hər gün sıraları artır", - Şıxıyev qeyd edib.