Təqvimlər qızmar yayın başladığını gözləyir və bu mövsümdə səyahətlər elə bir yeni nəfəs kimi görünür. Turizm üzrə Dövlət Agentliyi dəfələrlə bəyan edib ki, karantin rejimi bitər-bitməz Azərbaycanda turizm mövsümünün başlanması gözlənilir.
Sözsüz ki, ilk mərhələdə insanlar xarici ölkələrə getməməyə çalışacaqlar. Buna görə də Azərbaycanda daxili turizm müəssisələrində canlanma hiss olunur – var güclə turizm mövsümünə hazırlıqlar başlayıb.
Lənkəranın məşhur otellərindən biri olan Khazar Palace çoxdandır qonaq qəbul etməsə də, onun sahibi ümidini itirmir. Burada xüsusi dezinfeksiya tuneli quraşdırılıb.
“Yay mövsümünə hazırlıq işlərini görürük. Dezinfeksiya tunel quraşdırmışıq ki, gələn müştərilərimiz və işçilərimiz yalnız oradan keçərək mehmanxananın ərazisinə daxil olsun”, - deyə kompleksin icraçı direktoru Kazım Kazımov bizimlə bölüşüb.
Lənkəran rayonundan 56 kilometrlik məsafədə yerləşən Lerikdə “Təbəssüm” mərkəzində istirahət etmək üçün bir vaxtlar kotteci öncədən bron etmək lazım idi. İndi isə otaqlar bomboşdur və bu vəziyyətin nə vaxt bitəcəyi hələ bilinmir.
İstirahət mərkəzinin administratoru İlham Hüseynov bölüşüb ki, Novruz bayramı ilə əlaqədar sifarişlər çox idi, amma qəti karantinə görə qonaqlar kompleksə gəlib-çata bilməyib.
Hal-hazırda kompleksin işçiləri fəal olaraq yay mövsümünə hazırlaşır və gündəlik olaraq otaqlarda dezinfeksiya işləri aparılır.