SƏHİYYƏ

Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti barədə: “Ümidimiz var”

“Bundan sonra bir az uzun ola biləcək bu yolda zaman içərisində ağciyərdəki zədənin geri qayıtma ehtimalına ümid edirik"
Sputnik

BAKI, 15 iyun — Sputnik. “Bəhram Bağırzadənin EKMO cihazına bağlandıqdan sonra son 24 saat içərisində dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti barədə: “Ümidimiz var”

Onun sözlərinə görə, ağciyər xaricindəki digər orqanların funksiyalarının normala dönməsi, laboratoriya analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyər aldığı zədədən ötrü funksiyasını göstərə bilmədiyi halda EKMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı bir problemin olmaması ümidverici hadisədir:

“Bundan sonra bir az uzun ola biləcək bu yolda zaman içərisində ağciyərdəki zədənin geri qayıtma ehtimalına ümid edirik. Bu olarsa və digər orqanlarda da hər hansı problem yaranmasa şəxsi düşüncəm və komandamızın inamı şansımızın hələ də davam etməsi yönündədir. Təbii ki, günlük olaraq hər an bütün məsələlər üzərində yerli və xarici ekspertlərlə müzakirələr aparılır. Dünya üçün yeni olan bu sahə üzrə müalicələrdə ola biləcək bütün imkanlar ortaya qoyulur. Bilirsiz ki, həm səhiyyəmizin, həm xəstəxananın imkanları, həm də ən əsası Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın şəxsən ilk dəqiqədən etibarən hadisəni nəzarətə alması, hər mərhələdə ehtiyacımız olan bütün dərman preparatlarının, eləcə də texniki imkanların ortaya qoyulması üçün bütün səylər göstərilir.. Ümidvarıq ki, bu mübarizədə Azərbaycan səhiyyəsi, dövləti hər bir vətəndaşın üzərində olduğu kimi, Bəhram Bağırzadənin də həyatının geri qaytarılması üçün bütün imkanları ortaya qoyur və qoyacaq. Dünya üçün problem olan və bütün dünya səhiyyəsinin aciz qaldığı xəstəlik qarşısında uğur qazanacağımız ümidindəyəm. Mən şəxsən buna çox inanıram, komanda olaraq da inanırıq. Bizim COVİD-19-la da olmasa, quş qripinə bağlı eyni şəkildə ARDS (kəskin tənəffüs çatışmazlığı sindromu - red.) əmələ gəlmiş bir xəstə üzərində olan təcrübəmiz və onun vermiş olduğu nəticə bizdə ümid yaradır ki, bu yolda da uğur qazanacağıq. Əlbəttə ki, zamana ehtiyac var, ən başda da xalqın, onu sevənlərin duasına ehtiyac var. Xəstəxana, reanimatoloq, xəstəxananın bütün ekspertləri olaraq əlimizdən gələni eləməyə davam edəcəyik. Mən bu yolda bir daha Bəhram müəllimə və ölkəmizdə, dünyada COVİD-19-dan əziyyət çəkən ağırlaşmış bütün xəstələrə şəfa diləyirəm. Ümid edirəm ki, insanlıq bu məsələdə sonunda qalib olar”. 

Bəhram Bağırzadənin son durumu açıqlandı

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. 

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.