BAKI, 15 iyun — Sputnik. Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yarıtmaz addımlar nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb ediblər.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.