Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 14 iyun — Sputnik. Azərbaycanda koronavirus aşkarlanan xəstələrin statistikası böyüdükcə, bu prosesə cəlb olunan tibb müəssisələrinin də sayı artır. Yoluxmanın sürətlə artması səbəbindən artıq koronaviruslu xəstələrin müalicəsinə özəl tibb müəssisələri də cəlb olunub. Bunlar Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalıdır. Qeyd edək ki, artıq dövlət xəstəxanalarının da bir qismi pandemiya üçün ayrıldığından xəstə qəbul etmir. Bu vəziyyətdə yaranan əsas suallardan biri digər xəstəlikləri olan vətəndaşların müalicəsi üçün yaranacaq xəstəxana çatışmazlığıdır.
Bəs görəsən, bu problemi əngəlləmək üçün hansı tədbirlər görülür?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə ƏliyevaSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ümumilikdə 33 karantin və pandemiya müəssisəsi, eləcə də 10 modul xəstəxana koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılıb. R. Əliyevanın sözlərinə görə, bu prosesə özəl tibb müəssisələrindən Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalı da cəlb edilib.
R. Əliyeva həmçinin qeyd edib ki, xəstəxanaların pandemiya üçün ayrılması digər xəstəlikləri olanlar üçün problem yaratmır. O bildirib ki, bu məsələ tənzimlənir: "Əgər hansısa rayon xəstəxanası bağlanıbsa, xəstə o rayona yaxın yerləşən rayonlardakı xəstəxanalara yönləndirilir. Bu məsələlər hamısı tənzimlənir".
Aramızda "ölüm bombaları" dolaşır: iki həftə sonra partlaya bilər>>
Professor Adil Qeybulla isə deyir ki, hələ ki dövlət xəstəxanalarının bir qismi pandemiya üçün ayrılıb. Onun sözlərinə görə, virusun bu templə artımı gələcəkdə xəstəxana çatışmazlığı yarada bilər: "Məsələ bundadır ki, əvvəlcədən Tibb Universitetinin tədris korpuslarının müalicə işinə ayrılması yanlış idi. Həmin binalarda normal ventilyasiya imkanı yoxdur. Həmçinin orada tələbələr dərs keçməlidirlər. Bir qisim xəstəxananın pandemiya üçün ayrılması hələ ki xəstələr üçün elə böyük problem yaratmır. Xəstələr digər klinikalara yönləndirilirlər. Amma belə davam etsə, təbii ki, bizdə də xəstəxana çatışmazlığı yarana bilər. Çünki insanlar tələblərə əməl etmir, koronavirusun varlığına belə inanmırlar. Bu halda bizim xəstəxana çatışmazlığı yaşayacağımız real görünür. Bu da digər xəstəlikləri olanlar üçün problemlər yaradacaq. Həmin xəstələr məcbur olacaqlar ki, özəl tibb müəssisələrinə müraciət etsinlər. Buna da hər kəsin maddi imkanı çatmaya bilər".
A.Qeybulla Azərbaycanda kifayət qədər özəl tibb müəssisəsinin olduğunu söyləyir. O bildirir ki, tibb müəssisələri pandemiya üçün məcburi ayrıla bilməz. Bu, sahibkarın istəyi əsasında baş tuta bilər:
"Hələ ki bu prosesə özəl tibb müəssisələrindən Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalı cəlb olunub. Bu iki klinika ödənişli əsaslarla işləsə də, dövlət qurumlarının tabeliyindəki təsərrüfat hesablı xəstəxanalardır. Dövlətin səlahiyyəti çatır ki, belə hallarda həmin xəstəxanalardan istifadə etsin. Amma özəl klinikaların bu prosesə cəlb edilməsi yalnız könüllülük prinsipi əsasında baş tuta bilər".
Professor, əgər gələcəkdə xəstə sayı kəskin artarsa, ödəniş etmək şərtilə dövlətin tibb müəssisələri ilə müqavilə bağlamasını, onların pandemiya üçün istifadə edilməsini də mümkün sayır: "Hər şeyi gələcək göstərəcək. Bugünkü vəziyyət ondan ibarətdir ki, insanlar virusdan qorunmurlar. Bu isə yoluxmanı sürətləndirir. Əgər belə davam edərsə, heç bir ölkənin tibbi imkanları, xəstəxana sayı buna tab gətirmədiyi kimi, analoji hal bizdə də yaşana bilər".