BAKI, 14 iyun — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək.