BAKI, 14 iyun — Sputnik. Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda 5.7 maqnitudalı zəlzələ olub.
Sputnik Türkiyə-nin məlumatına görə, fəlakət zamanı 10 ev uçub. Dağıntılar arasından 4 nəfər çıxarılıb, 3 mühafizə işçisi isə yaralanıb.
Kandilli rəsədxanası yerli vaxtla 17:24-də Bingöl vilayətinin Karlıova rayonunda 5.9 bal gücündə zəlzələ olduğu məlumatını yayıb. Zəlzələ yerin 5 km dərinliyində olub.
Bundan sonra rəsədxana rəqəmlərə dəyişiklik edərək maqnitudanı 5.8 bal göstərib.
Fövqəladə Hallar Nazirliyi (AFAD) isə bundan sonra Bingöldə saat 17:34-də 4.6 və 18.09-da 4.7 ballıq daha iki zəlzələnin olduğunu bildirib. İlk zəlzələ yerin 8, ikinci – 7.32, üçüncü isə 9.28 km dərinliyində meydana gəlib.
Zəlzələ Diyarbakır, Ərzurum, Muş və Elazığda hiss edilib.
Bingöl valisi Kadir Ekinci Karlıovanın Kaynarpınar kəndində polisə aid iki gözətçi məntəqəsinin çökdüyünü, 3 əməkdaşın yaralandığını bildirib.
Onun sözlərinə görə, Yeddisu rayonunun Almalı və Dinarbey kəndlərində 10 ev çöküb, ölən yoxdur.
Ərzurum valisi Okay Memiş zəlzələ ilə əlaqədar xilasetmə qüvvələrinin Karlıova ilə sərhəd bölgəyə yönləndirildiyini deyib.