BAKI, 12 iyun — Sputnik. Koronavirus pandemiyası ilə mübarizə mövzusunda yazıçılar arasında keçirilən hekayə müsabəqəsində Sputnik Azərbaycanın redaktoru Natiq Məmmədlinin hekayəsi birinci yerə çıxıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi "Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi"nin qalibləri müəyyənləşib.
Müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi"nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:
I YER
Natiq Məmmədli "Taclı mələklər"
II YER
Sevinc Elsevər "A quşlarım, getməyin..."
III YER
Cavi Dan "Ev"
Xüsusi mükafat üzrə
Reyhan Yusifqızı "Həkimin gündəliyi"
Əkbər Qoşalı "İradə, mən ölürəm..."
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.