BAKI, 12 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 15281-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 612 nəfər artıb.
Ermənistanda son gündə daha 13 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 258-ə çatıb. Xəstəlikdən sağalanların sayı 5639 olub. Hazırda bu ölkədə olan 9298 nəfər xəstəxanada müalicə alır.
Bu arada Ermənistanda Nazirlər Kabinetinin iclası keçirilib. İclas zamanı ölkədə qüvvədə olan fövqəladə hal rejiminin daha bir ay – 13 iyul tarixinə qədər artırılması qərarı verilib.
Gürcüstanda isə daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 837-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,5 milyonu keçib, 420 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.