İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 11 iyun — Sputnik. İyun ayının ilk ongünlüyünü geridə qoysaq da, bazarlarda meyvələrin qiyməti ucuzlaşmır. Hər il çox ucuz qiymətə aldığımız məhsullar bu il həddən artıq bahadır. Gilas, çiyələk, əriyin qiyməti 3-5 manat arasında dəyişir.
Fermerlər bunu ölkədə olan koronavirus pandemiyası ilə əlaqələndirirlər. Onlar bildirilər ki, bölgələrə giriş-çıxışın bağlı olması paytaxta gətirilən meyvə-tərəvəzin qiymətinə yetərincə təsir edir. Belə ki, hansısa bölgədə 1 manata satılan ərik paytaxta gəlib çıxana qədər üzərinə əlavə xərclər yüklənir. Bu qiymət məhsulun üzərinə gəldikdə isə təbii ki, qiymət nisbətən baha olur.
"8 km" bazarında meyvə satışı ilə məşğul olan Sahib Həsənovun sözlərinə görə, bazarda qiyməti tələb və təklifin uyğunluğu müəyyənləşdirir. Tələb çox, təklif az olduqda qiymət bahalaşır: "Hazırda təkliflər azdır. Koronavirus pandemiyası bəzi fermerlərdən də yan keçməyib. Yolların bağlı olması isə alverçilərin çörəyini əlindən alıb. İndi çox az halda hansısa alverçi meyvə bağlarından meyvəni yığıb paytaxta gətir bilir. Buna görə də qiymətlər yüksəkdir".
Satıcının sözlərinə görə, qiymətin baha olmasına baxmayaraq, alıcı azlığı hiss edilmir. Yəni gətirilən mal 2-3 günə satılır. Bu da bir daha sübut edir ki, alıcı üçün qiymət fərqi yoxdur.
Digər satıcı Gülmirə Şabanova da qiymətlərin baha olduğunu etiraf edir. Onun sözlərinə görə, buna səbəb bu il məhsulun az olmasıdır: "Baxın, nə qış kimi qış yaşadıq, nə yay kimi yay yaşayırıq. Bu bizə belə təsir edirsə, meyvə tərəvəzə də təsir edir. Bəzi regionlarda bu il məhsul az olub. Bir tərəfdən də yolların bağlı olması problem yaradır. Məsələn, ötən illərdə alverçilər də rahatlıqla mal gətirə bilirdi. İndi ancaq fermerlər bu işi görə bilir. Təbii ki, yol xərcləri, məhsulun əl dəyişməsi qiymətin bahalaşması ilə nəticələnir".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar HüseynovSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik heç bir məhsulun qiymətinin müəyyənləşdirilməsində iştirak etmir.
"Belə bir mexanizm yoxdur. Çünki sərbəst, bazar iqtisadiyyatıdır. Bazarda qiymətlər tələb və təklifə görə müəyyən edilir", – deyə o bildirib.
V.Hüseynov əlavə edib ki, bölgələrdəki qiymətlərlə paytaxtdakı qiymətlər arasında hər zaman fərq olub. Buna səbəb nəqliyyat xərcləri, məhsulun son satış nöqtəsinə çatanda üzərinə gələn marjadır. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, görərik ki, qiymətlər ötən illə müqayisədə aşağıdır.
Qeyd edək ki, hazırda bazarlarda meyvələrin qiyməti onların keyfiyyətinə görə dəyişir. Məsələn çiyələyin qiyməti 1,5 manatdan 5 manata qədər dəyişir. Seçim isə təbii ki, alıcının haqqıdır.
Bazarlarda ərik 2-5 manat, gilas 2-11 manat, göycə 3-9 manat, şaftalı 4-8 manat, alma 2-8 manata, banan 2-8 manata satılır.