CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kombaynları dağdan arana köçürdülər - FOTO

"Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 185 kombayn dislokasiya olunub
Sputnik

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda taxıl biçini davam edir. Bu günədək ölkə üzrə zəmilərin 14,9 faizində biçin başa çatıb, 150 min 794,4 hektar sahədən 453 min 395,7 ton məhsul yığılıb. Biçilən sahələrin 147 min 519 hektarı arpa, 3275,4 hektarı buğda sahələridir. İyunun 11-nə olan operativ məlumata görə, orta məhsuldarlıq 30,1 sent/ha, arpa üzrə 30 sent/ha, buğda üzrə 34 sent/ha təşkil edir.

Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Biçin prosesinə 1413 kombayn cəlb olunub. Bunlardan 517-si "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 185 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 711 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 58382 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 92412,4 ha sahə biçilib.

Bu günədək arpa üzrə ən yüksək məhsuldarlıq Tovuz rayonunda qeydə alınıb - 44 sent/ha. Bərdə (39,7 sent/ha) Sabirabad (38,1 sent/ha), Saatlı (37,7 sent/ha), İmişli (37,6 sent/ha), Samux (37,6 sent/ha), Salyan (37,5 sent/ha), Ağdam (36,6 sent/ha), Qax (35,7 sent/ha), Tərtər (34,4 sent/ha) və Ağsu (33 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi yüksəkdir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 milyon 10 min 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 min 977,6 hektarı buğda, 369 min 240,4 hektarı arpa sahələridir.

Biçin prosesi davam edir.