CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

İnsanlar çıxılmaz vəziyyətdə qalıblar. Bir tərəfdən koronavirus təhlükəsi, karantin, digər tərəfdən isə susuzluq
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Xırdalan şəhəri Bünyad Sərdarov küçəsinin sakinləri uzun müddətdir ki, su problemi yaşayırlar. İddialarına görə, fevral ayına qədər başqa su xətləri olub. Ancaq fevralda həmin su xətti dayandırılıb və əraziyə yeni xətt çəkilib.

Elə sakinlərin də problemi həmin dövrdən başlayıb. Əvvəlcə fasilə ilə verilən su sonradan heç verilməyib.

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

B.Sərdarov küçəsi ev 15 ünvanında yaşayan Qurban Tanrıverdiyev Sputnik Azərbaycan-a bildirib ki, bu ərazidə 1983-cü ildən yaşayır.

"Əvvəllər də su problemi yaşamışıq. Amma bu gün yaşadığımız qədər acınacaqlı vəziyyətə düşməmişdik. Bir tərəfdən koronavirus təhlükəsi, karantin, digər tərəfdən isə susuzluq" - deyən vətəndaş bildirir ki, ərazidə kanalizasiya sistemi də yoxdur.

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

Q.Tanrıverdiyevin sözlərinə görə, əvvəlki xətlə evlərə verilən su saatla verilirmiş. Buna da bütün sakinlər öyrənibmiş. Yeni su xətti çəkildikdən sonra köhnə su xəttini kəsiblər.

"Gecə saat 2-3-də su verilir, səhər 6-da isə su kəsilir. Suyun təzyiqi o qədər aşağı olur ki, qablara qalxmır", - deyən Q.Tanrıverdiyev bildirir ki, su problemi ilə bütün aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə olmayıb.

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

Sakinlər bildirir ki, hazırda 60 ailə susuz qalıb. Ərazidə kanalizasiya sistemi isə heç vaxt olmayıb. Sakinlər məişət tullantı suları üçün şanbolardan istifadə edib.

B.Sərdarov küçəsində yaşayan Şənanə Səfərova qonşuları ilə həmfikir olduğunu deyir: "Deyirlər, su həyatdır. Pandemiya dövründə biz həyatımızdan oluruq. Yeganə istəyimizin suyun normal şəkildə verilməsidir. Mən sizə səmimi şəkildə deyirəm, belə davam etsə, yaxın günlərdə bizim küçə karantinə alınacaq. Çünki əlimizi yumağa su tapmırıq. Ya bizim köhnə su xəttimizi bərpa etsinlər, ya da yeni su xəttini düzəltsinlər. Problem müvafiq qurumundur. Ancaq acısını biz yaşayırıq".

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

Sakinlər bildirir ki, həftə sonları sərt karantin rejimində günləri daha ağır keçir: "Nə evdən çıxa bilirsən, nə su var. Yaşamaq ağırlaşır. Xəstəliyə yoluxma qorxusu hamımızın canına çöküb. Ay qızım, içmək bir kənara, əlimizi yumağa belə, bir qab su yoxdur. Şikayət edirik, deyirlər sizə maşınla su gətirək. Maşınla su kimə çatacaq? İçməyə gedib 4 manat verib, qab suları alırıq. Axı nə vaxta kimi belə yaşayacağıq. Vallah tez bir zamanda eşidəcəksiniz ki, bizi karantin bölgəsi elan ediblər".

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

B.Sərdarov küçəsinin sakinləri su problemi ilə bağlı bütün aidiyyəti qurumlara müraciət ediblər. Və bu gün nəticəsini gözləyir. Məlum olduğu kimi, həftə sonu sərt karantin rejimi olacaq. Bu səbəbdən onların su problemi bu gün həll edilməlidir.

Bu gün evlərində dərman belə içməyə su tapmayan sakinlər, yeganə çıxış yolunu Prezidentə müraciət etməkdə görürlər.

Hesab edirlər ki, bu halda onların problemi çözümünü tapmış olacaq.

Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

"Azərsu"ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 10 iyun axşamdan etibarən həmin istiqamətə suyun verilməsi təmin olunub: "Abşeron Rayon Su İdarəsinin rəhbərliyinin bizə verdiyi məlumata görə, artıq dünən axşamdan etibarən həmin istiqamətə suyun verilişinə başlanılıb. Ola bilər ki, nisbətən yüksəkdə yerləşən evlərə su zəif gedib. Qrafikə uyğun olaraq suyun verilişi bu gün də davam etdiriləcək".

A. Cəbrayıllı deyib ki, ümumiyyətlə, suyun verilişi üçün yeni rejimlər tətbiq olunub. Bu rejimlərə uyğun olaraq əhali su ilə təmin olunacaq.