SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili Qarabağla bağlı bəyanatdan danışdı: “Ciddi, vahid mövqeyin göstəricisidir”

Ermənistan öz işğalı siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi və Avropa Parlamenti də buna həm hüquqi həm də siyasi rəy verdi
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Avropa Parlamentində Azərbaycan üçün olduqca önəmli, böyük əhəmiyyətə malik bəyanat qəbul olunub. Belə ki, ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmiləri - Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand birgə bəyanatı qəbul edib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.

Ekspertlər belə bir ali qurumda bu bəyanatın qəbul olunmasını Ermənistanın və onun yeni hökumətinin ağır məğlubiyyəti olaraq dəyərləndirirlər. Sputnik Azərbaycan məsələ ilə bağlı Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərovla həmsöhbət olub.

Kamal Cəfərov vurğulayıb ki, Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi.

Millət vəkili Qarabağla bağlı bəyanatdan danışdı: “Ciddi, vahid mövqeyin göstəricisidir”

Onun sözlərinə görə, bəyanatın əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi: "Belə ki, Avropa Parlamenti bəyanatda qeyd edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım isə Ermənistanın işğalçı siyasətini sübut edir. Eyni zamanda Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir".

Millət vəkili xüsusi ilə qeyd edib ki, bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var: “Hesab edirəm ki, Ermənistan öz işğalı siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi və Avropa Parlamenti də buna həm hüquqi, həm də siyasi rəy verdi. Eyni zamanda bu birgə bəyanat göstərdi ki, bu münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Bütün dünya bir daha yaddaşını təkrarladı kı, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normalarına, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır!"