CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yay istidən nəfəsimiz kəsiləcək – Amma istidən kəsilməsə, koronavirusdan boğula bilərik

Cəlal İsayev: “Biz son on ilə qədər kondisionersiz avtobuslarda gedib-gəlirdik. Sərnişinlər Operativ Qərargahın qərarlarını anlayışla qəbul etməlidirlər”
Sputnik

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda kondisionerlərin yandırılmasına tətbiq edilən qadağa sərnişinlər arasında narazılığa səbəb olub. İndi avtobuslardan gündəlik istifadə edən sərnişinləri narahat edən ən əsas məqamlardan biri, havalar isindikcə kondisionersiz avtobuslarda necə gedib-gələcəkləridir. Qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, həm nəqliyyat vasitələrində, həm də digər yerlərdə havanı içəridə dövr etdirən havalandırma sistemləri varsa, buna məhdudiyyət qoyulmalıdır.

Qonşuda bir gündə 216 nəfər koronavirusdan öldü

TƏBİB rəsmisi bildirib ki, nəqliyyat vasitələrində havalandırma sisteminin işə salınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır: "Müəyyən qaydalar üzərində çalışılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu mövsümündə deyilik. Amma gələcəkdə bu, baş verə bilər. Bununla əlaqədar da növbəti qaydalar və qərarlar qəbul ediləcək”.

Avtobuslarda kondisionerin işə salınmasına adətən iyun ayının 15-dən start verilsə də, R.Bayramlının bu çıxışından sonra ictimai nəqliyyatda sərinləşdirici qurğuların işə düşəcəyini gözləmək bir qədər çətindir.

Bəs görəsən, məsələdən çıxış yolları nədədir?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais AğayevSputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparır: "TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır. Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.  Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik".

Sputnik Azərbaycan-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirusun hazırkı yayılma statistikasını nəzərə alsaq, avtobuslarda kondisionerlərin işə salınması virusun yayılmasını daha da sürətləndirəcək: "Kondisioner iki cür işləyir. Bayırdakı  havanı  sərinlədərək içəri hava vuranı da var, içəridəki havanı sərinləşdirib yenidən ötürəni də. Mənim bildiyim qədər avtobuslarda sərinləndirici qurğular içəridəki havanı soyudaraq yenidən içəri vurur. Bu halda avtobusda bir koronaviruslu xəstə varsa, kondisioner o virusun yayılması üçün kifayətdir. Kondisionerin işləməsi içəridəki hava damcıları vasitəsilə virusun yayılmasını daha da sürətləndirir. Əgər avtobuslarda kondisioner sistemi işə salınsa, bu həmin sərnişinlərin hamısının koronavirusa yoluxmasına səbəb ola bilər. Biz son on ilə qədər kondisionersiz avtobuslarda gedib-gəlirdik.  Bu vəziyyətdə sərnişinlər TƏBİB-in, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını anlayışla qəbul etməlidirlər. Tövsiyə var ki, avtobuslarda sıxlıq azaldılsın. Hava isindikcə avtobusda oturacaq sayından artıq sərnişin götürülməsin".

Koronavirusa yoluxanların sayı daha bir psixoloji həddi keçdi

Qeyd edək ki, hazırda da ictimai nəqliyyatda kondisionersiz avtobuslar var. Həmin avtobuslarda pəncərəsi açıq halda sərnişinlərin isti yay günlərində gedib-gəlməsi mümkündür. Amma hazıra xəttə olan avtobusların mütləq əksəriyyətinin pəncərəsinin açılmaması sözsüz ki, həmin avtobuslarda isti günlərdə gedib-gəlməyi çətinləşdirəcək.

Bakı Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzindən Sputnik Azərbaycan-ın əməkdaşına bildirilib ki, hazırda xətdə olan avtobuslarda sərinləşdirici qurğu içəridəki havanı soyudaraq salona vurur. Bu halda isə virusun yayılma riski böyükdür. Ona görə də, TƏBİB-in qərarı ilə avtobuslarda sərinləndirici qurğular işə salınmır. Çağrı mərkəzindən də hazırda bu istiqamətdə məsləhətləşmələr aparıldığını, ehtiyac olarsa, ekspress avtobusların fəaliyyətinin bərpa ediləcəyini bildiriblər.