BAKI, 10 iyun — Sputnik. Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.
Sputnik Azərbaycan-ın məlumatına görə, SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir. Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir. "Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.